Vinir nədir?
Vinir dişin ön səthinə yapışdırılan nazik keramik və ya kompozit lövhəcikdir. Rəngi, formanı, kiçik qırıqları və dişlərarası boşluqları düzəltmək üçün istifadə olunur. Hazırlanmasında məqsəd dişə mümkün qədər az müdaxilə etməklə maksimum estetik nəticə əldə etməkdir.
Vinir hansı hallarda qoyulur?
- dişlərin rəngi saralıb və ağartma kömək etmir;
- dişlər arasında boşluq (diastema) var;
- kiçik qırıqlar, çatlar və ya formada uyğunsuzluqlar var;
- dişlər yeyilib, qısalıb və ya ölçüsü kiçikdir;
- kiçik əyriliklər var, lakin xəstə ortodontik müalicə istəmir.
Vinirin hansı növləri var?
| Növ | Xüsusiyyəti | Nəyə diqqət etməli |
|---|---|---|
| E-max (press keramika) | Nazik, işıq keçirən, təbii minaya ən yaxın görünüş | Laboratoriyada hazırlanır, ən az müdaxilə ilə maksimum estetika |
| Zirkon vinir | Çox möhkəm, rəngini dəyişmir | Bir qədər qalın ola bilər; diş qıcama (bruksizm) və böyük çeynəmə yükündə üstünlük verilir |
| Kompozit vinir | Bir seansda birbaşa ağızda hazırlanır, daha sərfəlidir | Keramikadan az davamlıdır, zamanla rəng dəyişə bilər |
Gülüşü əvvəlcədən görmək mümkündürmü?
Bəli. Bəzən xəstələr konkret forma və ya gördükləri bir gülüşü istəyirlər. Vinirlər hazırlanmazdan əvvəl xüsusi kompüter proqramı ilə dişlərin gələcək forması modelləşdirilir, lazım gəldikdə bu modelə əsasən şablonlar hazırlanır. Beləliklə xəstə nəticəni əvvəlcədən görür və dəyişiklikləri həkimlə birlikdə müzakirə edir.
Vinir necə qoyulur?
- Planlaşdırma. Foto, ölçü və ya skan əsasında gələcək gülüş modelləşdirilir.
- Dişin hazırlanması. Dişin ön səthindən çox nazik təbəqə götürülür; bəzi hallarda minaya demək olar ki, toxunulmur. Keramik vinirlərin qalınlığı təxminən 0,3–0,7 mm olur.
- Laboratoriya. Vinirlər fərdi forma və rəngdə hazırlanır.
- Bərkitmə. Hazır vinir xüsusi yapışdırıcı ilə dişin üzərinə bərkidilir.
Yalnız dişlər, yoxsa diş əti də?
Gülüş təkcə dişlərdən ibarət deyil. Diş çox qısa görünürsə və ya diş əti sərhədləri simmetrik deyilsə, vinirlə yanaşı diş ətinin konturu da düzəldilə bilər. Kiçik nizamsızlıqlar bəzən minada yüngül kosmetik şəkilləndirmə ilə də aradan qaldırılır — bu üsul pulpa geniş olduğu üçün uşaqlarda və gənc yeniyetmələrdə az tətbiq edilir.
Məlumat maarifləndirici xarakter daşıyır. Müalicə planı yalnız həkim müayinəsindən sonra müəyyənləşir.